Hamiləlikdə qalxanvari vəz xəstəliyi
Qalxanvari vəzi hamiləliyin gedişatına, dölün inkişafına və doğuşa böyük təsir edir. Belə ki,hamiləlik zamanı qalxanvari vəz güclü yükləmələrə məruz qalır. Dölün orqan və sistemləri formalaşdığı dövrdə qalxan vəzinin fəaliyyəti artır, o daha çox miqdarda hormoları ifraz etməyə başalayır. Bu hormonların səbəbinə ana orqanizmində müəyyən vacib dəyişikliklər baş verir, dölün orqan və sistemlərinin normal formalaşması və inkişafı təmin olunur. Qalxanvari vəzi patologiyaları hamiləlik zamanı ağır fəsadlara səbəb ola bilər. Bu fəsadların arasında:
- arterial hipertoniya,
- preeklampsiya,
- ciftin qopması,
- ürək çatışmazlığı,
- dölsalmalar və vaxtdan tez doğuş,
- uşağın ölü doğulması,
- doğuşdan sonrakı uşaqlıq qanaxmalaları.
Qalxanvari vəzi patologiyaları bir çox hallarda dölsalmalara səbəb olur. Bu səbəbdən qadında dölsalmalar bir neçə dəfə təkrar olunarsa, qalxanvari vəzi hormonları mütləq yoxlanılmalıdır.
Qalxanvari vəzinin fəaliyyətinin pozulması özünü bu kimi simptomlarla büruzə verə bilər:
- əsəbilik, yuxusuzluq, zəiflik, istilik, ürək döyünməsinin artması (taxikardiya), əllərin əsməsi, tərləmənin artması, ishal. Bu qalxanvari vəzinin fəaliyyətinin artmasının (hipertireoz) simptomları ola bilər.
- depressiya, ürək döyünməsinin yavaşıması (bradikardiya), əzələlərdə qıcolmalar, dərinin quruluğu, qəbizlik, saçların tökülməsi, çəkinin normadan tez artması. Bu qalxanvari vəzinin fəaliyyətinin azalmasının (hipotireoz) simptomları ola bilər.
Əgər qadında qalxanvari vəzində pozulma hamiləlikdən əvvəl təyin olunubsa, bu halda qadın mütləq hamiləliyini planlaşdırmalıdır və hamiləlikdən əvvəl endokrinoloqun müayinəsindən keçməli və lazım olan analizləri verməlidir. Hamiləlik təsdiq olunduqda qadın endokrinoloqa müraciət etməlidir.
Hipotireoz xəstəliyi olan və L-tiroksin preparatı (baqotiroks və s.) qəbul edən qadınlarda hamiləlik zamanı dərmanın dozası adətən artırılır. Belə qadınlar hamiləlik zamanı daim endokrinoloqun nəzarətində olmalı və müəyyən fasilələrlə hormonal analizləri verməlidir (adətən TSH, T4 sərbəst). Lakin bu halda hamiləliyin normal inkişafını təmin etmək mümkün olacaq.
Hamiləlikdən əvvəl hipertireoz xəstəliyi olan qadın da mütləq hamiləlik vaxtı endokrinoloqun nəzarətində olmalıdırvə hamiləliyin müxtəlif dövrlərində qalxanvari vəzi hormonların səviyyəsini təyin etmək üçün analizlər verməlidir. Bir çox hallarda bu xəstələrdə hamiləlik zamanı dərmanın dozası azaldılır və ya dərmanın qəbulu dayandırılır.