HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləlikdə böyrək xəstəlikləri və sidikdə zulalın olması

news-2

Hamiləlik zamanı qadının bütün orqan və sistemləri güclü yükləmələrə məruz qalır.
Bu pozulmaların biri - sidikdə zülalın kəskin artmasıdır. Bu hal tibbdə "proteinuriya" adlandırılır.
Normada sidikdə zülal olmamalıdır. Hamiləlik zamanı sidikdə zülalın bir qədər artması (bəzi mənbələrə görə hətta 0,3 q/l kimi) fizioloji sayılır (yəni heç bir xəstəliyin əlaməti kimi qiymətləndirilmir). Lakin bu zaman qadında böyrək nahiyəsində ağrılar, sidiyin rənginin və iyinin dəyişilməsi, ödemlər, təzyiqin artması kimi simptomlar olmamalıdır. Bu simptomların fonunda sidikdə zülalın kəskin artması böyrək xəstəliklərinin (pielonefrit, qlomerulonefrit) əlaməti ola bilər.

Bu halda qadın mütləq həkimə müraciət etməlidir. Əgər qadında böyrək xəstəliyi təyin olunarsa, ona bitki tərkibli antiseptik preparatlar, sidikqovucu preaparatlar və lazım olduqda antibakterial preparatlar (antibiotiklər) təyin olunur. Adətən sidikdə zülalın artması məhz böyrək xəstəlikləri ilə bağlı olduqda, müalicədən sonra zülal tez azalır.

Lakin bəzən hamiləlik zamanı sidikdə zülalın artmasının səbəbihestoz (gecikmiş toksikoz) olur. Bu pozulma yalnız hamiləlik zamanı inkişaf edir və doğuşdan bir neçə gün sonra keçir. Adətən hestoz hamiləliyin 3-cü trimestrində (28-ci həftəsindən sonra) inkişaf edir. Hestoz çox ağır pozulmadır ki, qadının və dölün həlak olması ilə nəticələnə bilər. Heç bir qadın hestozun inkişafından sığortalanmayıb və bu səbəbdən hər bir hamilə qadın bütün hamiləlik dövrü mütləq həkimin nəzarətində olmalı və lazım olan müayinə və analizlərdən keçməlidir.

Hestoz zamanı sidikdə zülalın kəskin artması müşahidə olunur. Lakin böyrək xəstəlikləri ilə fərqli olaraq hestoz zamanı sidikdə zülalın artması müalicəyə tabe olmur.

Hestoz zamanı qadında həmçinin ödemlər, arterial təzyiqin artması, bədən çəkisinin normadan artıq artması müşahidə olunur.Hestoz çox "hiyləgar" pozulmadır. Hestozu olan qadın bir müddət özünü tam normal hiss edə bilər, lakin bu zaman onun orqanizmində geriyədönməz dəyişikliklər gedir ki, bu dəyişikliklər qadında insult, infarkt, ağ ciyərlərin ödemi, ciftin qopması, böyrək və qara ciyər çatışmazlığı kimi ağır pozulmalara səbəb ola bilər.

Hestoz əksər hallarda stasionar (xəstəxana) şəraitində müalicə olunur. Doğuş Qeysəriyyə kəsiyi əməliyyatı köməyi ilə həyata keçirilir.
Beləliklə, əgər sizdə hamiləlik zamanı sidikdə zülalın artması təyin olunubsa, mütləq həkimə müraciət edin.

Lakin bəzən sidikdə zülalın artmasının səbəbi güclü fiziki yükləmələr, stress, analiz verdiyi gündən bir gün əvvəl çoxlu miqdarda zülallı qidaların (süd, yumurta, kəsmik və s.) qəbulu, bədən hərarətinin artması, hətta güclü tərləmə və s. ola bilər. Buna "yalançı proteinuriya" deyilir. Bu səbəbdən əgər hamilə qadında sidikdə ilk dəfə zülalın artması təyin olunubsa (xüsusilə bu qadında güclü ödemlər, təzyiqin artması və digər simptomlar olmadıqda), mütləq təkrar analiz vermək lazımdır.