Hamiləlikdə anemiya
Hamilə qadınlarının bir çoxlarında hamiləliyin 2-ci və xüsusən də 3-cü trimestrlərində (3-aylığında) anemiya inkişaf edir. Anemiyanı "qanazlığı" da adlandırırlar. Bir çox hallarda hamiləlik dövründə qadınlarda ümumi zəiflik, təngnəfəslik, baş gicəllənməsi, özündən getmə kimi hallar baş verir. Bəzi hallarda isə anemiyanın daha ciddi əlamətləri də (saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, ağız bucaqlarında çatların yaranması, əllərin içəri səthinin və burunun altında olan üçbucağın bir qədər saralması) meydana çıxa bilər. Hamiləlik dövründə qadınlarda ağır formalı anemiyalar olduğu halda, onlarda ürəkdöyünmə ilə müşayət olunan ürək çatışmazlığı, bədəndə şişkinliklərin yaranması, arterial təzyiqin enməsi kimi əlamətlər də yarana bilər.Adətən hamiləlik zamanı "dəmirdefisitli anemiya" diaqnozu qoyulur. Lakin bəzi hallarda qadında digər anemiya növləri inkişaf edə bilər - vitamin B12 və fol turşusunun çatışmazlığı ilə bağlı olan anemiya, hipoplastik, hemolitik anemiya. Bu anemiyaların simptomları, diaqnostikası və müalicəsi tamam fərqlidir.
Əgər hamiləlikdən əvvəl qadın orqanizmi üçün gün ərzində 1-2 mq dəmir kifayət edirdisə, hamiləliyin 2-ci trimestrində (4-5-6 aylar) 2-4 mq, 3-cü trimestrində (7-8-9 aylar) isə 10-12 mq (!) dəmir lazım olur.Hemoqlobinin 90-110 q/l olması ilə müşayiət olunan anemiyaları hamilə qadınlar nisbətən yüngül şəkildə keçirirlər.
Hemoqlobinin miqdarı 80-89 q/l olduqda bu orta dərəcəli anemiya, 80 q/l-dən az olduqda isə bu, ağır formalı anemiya hesab olunur. Dəmirdefisitli anemiya hamiləliyin gedişatına, gələcək uşağın səhhətinə mənfi təsir edir. Belə ki, anemiya hamiləlik dövründə müxtəlif fəsadların inkişaf etməsinə səbəb ola bilər: məsələn, toksikozlar, uşaqsalma, vaxtından əvvəl doğuş, doğuş zamanı fəsadlar və s. Hamiləlik dövründə analarında anemiya olan uşaqların bir çoxu 1 yaşına çatdıqca onlarda da dəmir çatışmazlığı qeyd edilir. Anemiyası olan qadınların uşaqları 1 yaşına qədər olan dövr ərzində digər uşaqlara nisbətən kəskin respirator virus infeksiyaları (KRVİ) ilə daha tez-tez xəstələnir, onlarda enterokolit, pnevmoniyalar, müxtəlif formalı allergiyaların (həmçinin diatezlərin) inkişaf etməsi ehtimalı da daha çox olur. Anemiyası olan qadınlara dəmir preparatları adətən həb (tablet) və ya kapsula şəklində daxilə qəbul etməklə təyin olunur. Nadir hallarda isə, məsələn, dəmir preparatının mədə-bağırsaq sistemindən sorulması prosesi pozulduqda və ya onların daxilə qəbulundan sonra qadınlarda ürəkbulanma və qusma kimi əlamətlər yarandıqda, mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi və digər bu kimi hallarda, dəmir preparatları hamilə qadınlara inyeksiya (iynə) şəklində təyin oluna bilər.Dəmir preparatları ilə birlikdə qadına askorbin (C vitamini) və fol turşusu təyin olunur.