Hamiləliyin 7-ci həftəsi
Hamiləliyin 7-ci həftəsi ilk dəfə həkimə müraciət etmək üçün çox optimal dövrdür. Belə ki, ilk həkim qəbulunda olan gələcək ana venadan infeksiya və hormonlara görə qan analizi verir. Xüsusilə TORCH- kompleksi infeksiyalarına (toksoplazma, məxmərək, sitomeqalavirus, herpes) qarşı antitellərin olub-olmadığı təyin olunur.
Hamiləliyin düzgün inkişafını təyin etmək üçün USM tətbiq olunur. Hamilə qadının uşaqlığı əvvəlki həftələrlə müqayisədə bir qədər böyümüş olur. Uşaqlıq boynunda selik qatılaşır və selikli tıxac yaranır. Bu tıxac xarici mühitlə embrion arasında müdafiə rolunu oynayır. Hamiləliyin 7-ci həftəsində hamilə qadın terapevt və okulistin qəbulunda olmalıdır. Bu həftədə dölün uzunluğu 11-12 mm, çəkisi həftənin sonuna yaxın 0.8 qramdır. Dölün əl və ayaqlarında bilək və dabanlar meydana gəlmişdir. Ağciyərlərdə bronxların rüşeymləri yaranmış, bağırsaqlar inkişaf edir, böyrəklər formalaşır.