Hamiləliyin 13-cü həftəsi
Hamilə qadın artıq hamiləliyinin I rübünü arxada qoyub və 13-cü həftəyə keçib. Artıq hamiləlik toksikozu arxada qalıb və hamilənin ümumi vəziyyəti yaxşılaşmış olur. Hamiləliyin II rübündə süd vəzilərdə artıq “ağız südü” yaranmağa başlayır. Süd vəziləri getdikcə ağırlaşır və çəkisi hamiləliyin sonuna qədər 2-4 dəfə arta bilər. Bu həftədən hamilələrdə qəbizlik yaranmağa başlayır. Qəbizliyə səbəb həm qadın orqanizmində gedən hormonal dəyişikliklər, həm də böyüməkdə olan uşaqlığın bağırsaqlara olan mexaniki təsiridir. Ona görə bu həftələrdə qadınlara seliloza ilə zəngin, yəni bitki tərkibli qidalarla qidalanmaq tövsiyə olunur. Hamiləliyin 13-cü həftəsində təxminən 30 qram ağırlığı olan uşağın ilk qığırdaqları yaranmağa başlayır, uşağın 20 süd dişlərinin formalaşması prosesi başa çatır. Daxili orqanlar, xüsusən də mədə və mədəaltı vəz fəaliyyətə başlayır. Bu həftə həm də dölün sinir sisteminin formalaşması baxımından vacibdir. Ona görə də xüsusən erkən həftələrdə hamilə qadınlar daha diqqətli olmalıdır. 13-cü həftədən 24-cü həftəyə qədər olan dövr artıq nisbətən təhlükəsiz sayılır. Hamilə qadın davamlı olaraq həkim müayinəsində olmalıdır. Ananın çəkisi, qan təzyiqi, sidikdə şəkər və zülalın miqdarı,zahiri müayinə, əsasən uşaqlığın ölçüləri kimi parametrlərə nəzarət olunur.