Hamiləliyin 23-cü həftəsi
Hamiləliyin 23-cü həftəsində əksər qadınlar özlərini yaxşı hiss edirlər. Lakin bəzən narahatçılıqlar da yarana bilər. Xüsusilə bel-oma nahiyəsində ağrılar yaranır. Lakin bu ağrılar güclü deyilsə qorxulu sayılmır. Bu həftələrdə bəzən qadınlarda varikoz yaranır. Buna səbəb isə damar divarlarının zəifləməsidir. Ona görə də əgər hamilə qadında varikoz aşkar olunarsa ağırlaşmasının qarşısı alınmalıdır. 23-cü həftədə hamilə qadının çəkisinin 6,5 kq artması normal hesab olunur. Qarın gözə çarpacaq dərəcədə böyümüş, uşaqlıq göbəkdən yuxarıda yerləşmişdir. Uşaqlıq doğuşa hazırlaşdığı üçün bəzən məşq sancıları yarana bilər.
Uşaqlıq daima sidik kisəsinə təzyiq göstərir. Ona görə də bəzən sidik qaçırma halları ola bilər. Lakin hamilə qadın diqqətli olmalıdır. Çünki bəzən döl qişasının da cırılması ilə əlaqədar alt paltarda nəmlik ola bilər. Ona görə də belə hallarda qadın mütləq həkiminə məlumat verməlidir. Körpənin çəkisi 23-cü həftədə təqribi 450-500 qram təşkil edir. Körpə tədricən böyüyür, hissiyyat orqanları inkişaf edir. Körpə zahirən böyümüş olur, hərəkətləri daha aydın nəzərə çarpır. Lakin hələ çox arıqdır. Hamiləliyin 23-cü həftəsində qadın məsləhətxanasında gələcək anaya mübadilə kartı verilir.