Hamiləliyin 28-ci həftəsi
Hamiləliyin 28-ci həftəsində döl aktiv hərəkətləri ilə xarakterizə olunur. Bu həftədə dölün çəkisi 1 kq, boyu 35-38 sm təşkil edir. Ana dölün aktiv hərəkətlərini aydın şəkildə hiss edir. Bu dövrdə uşağın fəallığı mühüm şərtdir və ona nəzarət etmək lazımdır. Uşaq saatda azı 10 dəfə tərpənməlidir. Əgər bu hərəkətlərin sayında, fəallığında müəyyən dəyişiklik olarsa ana mütləq həkiminə məlumat verməlidir. Hamiləliyin bu həftəsində böyümüş qarında dəri dartıldığı üçün qaşınma hissi yaranır.
Bu həftədə anaya məsləhət olunur çoxlu kalsium qəbul etsin. Çünki məhz bu həftədən uşağın sümükləri üçün kalsium çox vacibdir. Analar bu dövrdə ağır fiziki işlərdən uzaq durmalı, yorucu işlə məşğul olmamalıdır. Böyümüş uşaqlıq qasıq bitişməsindən 28 sm hündürlüyə qalxmış olur, çəkisi 400 qramdır. Bəzən bu həftədə döl qişalarının vaxtından əvvəl cırılması təhlükəsi ola bilər. Ona görə analar diqqətli olmalıdırlar.
Əgər alt paltarlarında nəmlik hiss edərlərsə, mütləq həkimə məlumat verməlidirlər. Ona görə də bu həftədən artıq hamilə qadın ayda iki dəfə həkimə baş çəkməlidir. Bəzən ananın qanı rezus mənfi döldə isə müsbət olduğu üçün rezus-konfliktin qarşısını almaq üçün təyin olunan anti-rezus immunoqlobulin də məhz hamiləliyin 28-ci həftəsində vurulur.