HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 30-cu həftəsi

news-2

Hamiləliyin 30-cu həftəsi böyük əhəmiyyət kəsb edir. Çünki artıq ana bətnində körpə tam formalaşmış insandır. Qadınlar bətnindəki körpənin böyüməsi səbəbindən bir qədər narahat hisslər keçirir. Daxili orqanlar, xüsusilə uşaqlığa qonşu olan orqanlar sıxılır. Bədənin ağırlıq mərkəzinin yeri dəyişir, maddələr mübadiləsi sürətlənir. Bəzən bu həftədə qadınlarda hətta anemiya yaranır. Böyümüş uşaqlıq göbəkdən  7,5-10,2 sm, qasıq bitişməsindən 29-30 sm hündürlükdə yerləşir. Bu səbəbdən anada tənəffüsün çətinləşməsi və təngnəfəslik yaranır. Hamiləliyin 30-cu həftəsində körpənin beyin kütləsi artır, beyin qırışlarının sayı və dərinliyi artır. Beyin qabığının funksiyaları isə doğulduqdan sonra inkişaf edəcək. Körpənin çəkisi 1,4-1,5 kq, boyu isə 37-38 sm təşkil edir. Uşaq böyük olsa da, hələ ki, ana bətnində vəziyyətini dəyişməkdə davam edir. Hərəkətləri daha aktiv olur. Hamiləliyin bu dövründə dölün hərəkətləri nəzarətdə saxlanılmalıdır. Tərpənişlər arasındakı fasilələrlə maraqlanmaq və müəyyən ölçülər götürmək lazımdır.
1 saatda ən azı 6 tərpəniş, 6 saatda ən azı 10 , 12 saatda ən azı 24 tərpəniş.
Hamilə qadın xüsusi nəzarətdə olmalıdır. Düzənli olaraq, müayinələrdən keçməlidir. Xüsusən dölyanı mayenin miqdarı nəzarət altında olmalıdır. Çünki bəzən məhz bu həftədə dölyanı mayenin azlığı diaqnozu qoyulur. Bu suyun sorulması və yaranması prosesinin pozulması ilə əlaqədardır. Səbəb isə qadın orqanizmində hər hansı bir somatik xəstəliyin, pozğunluğun olmasıdır. Buna görə də hamilə qadın bu həftələrdə mütləq həkim nəzarətində olmalıdır.