Hamiləliyin 34-ci həftəsi
Hamiləliyin 34-cü həftəsində qadın orqanizmi artıq doğuşa hazırlaşır. Laktasiya prosesi sürətlənir, doğuş yollarında doğuşa hazırlıq gedir. Bəzən bu həftələrdə “Berkston Heks sancıları” baş verir. Bu ağrı uşaqlığın yuxarı hissəsində yaranır, bütünlüklə qarın nahiyəsinə yayılır və sakitləşir. Amma bu doğuş sancısı deyil.
Hamiləliyin bu həftəsində uşaqlıq öz ölçüsündən 500 dəfə artaraq 10 dəfə çox ağırlaşır. Döl yanı mayenin həcmi isə artıq 1 litr təşkil edir. Bu mərhələdə bel nahiyəsində ağırlıq hissi anaları narahat edir. Süd vəziləri böyüyür və artıq az-az ağız südü gəlməyə başlayır.
Dölün çəkisi 2,2-2,5 kq təşkil edir, boyu isə 43-44 sm olur. Körpə böyüyür, rüşeym tükcükləri artır, rəngi açılır, demək olar ki, qızartı qalmır. Dölün dərisi xüsusi təbəqə ilə örtülür ki, məhz bu örtük bir qədər qalın olur. Çünki əgər bu həftələrdə doğuş baş verərsə dəridəki bu xüsusi təbəqə dölün doğuş yollarında asanlıqla sürüşərək keçməsinə şərait yaradır. Hamiləliyin 34-cü həftəsində uşaq dünyaya gələrsə, o yarımçıq yox, vaxtından əvvəl doğulmuş hesab olunur. Bu cür uşaqlar atıq nəfəs ala bilirlər və intensiv qayğıya ehtiyacları yoxdur. Körpənin hərəkətləri də artıq məhdudlaşır. Hamiləliyin 34-cü həftəsində analara məsləhət olunur ki, təmiz havada daha çox gəzsinlər, sakit həyat tərzi keçirsinlər, hər cür stressdən, fiziki yüklənmələrdən uzaq dursunlar.