HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 38-ci həftəsi

news-2

38-ci həftə demək olar ki, hamiləliyin sonuncu həftələrindən sayıla bilər. Bu həftədə ana orqanizmində aşağıdakı əlamətlər özünü göstərə bilər: Qadında hamiləliyin sonuna yaxınlaşdığı üçün qarnı bir qədər aşağı enmiş olur. Ona görə ana artıq rahat nəfəs alır. Qida qəbulu zamanı mədəsində narahatlıq, yanma hissiyyatı olmur. Əksinə aşağı hissədə sidik kisəsinə təzyiq etdiyi üçün anada tez-tez sidiyi getmə halları olur. Artıq 36-cı həftədən başlayaraq ana orqanizmində relaksin adlanan hormon sintez olunmağa başlayır ki, bunun təsirindən çanaq sümüklərində yumşalma gedir. Aşağıya enmiş qarnın çanağa təzyiqi nəticəsində qarnın aşağı hissəsi və beldə cüzi ağrılar yaranmağa başlayır. Böyrəklərin işi artdığından hamiləliyin bu həftəsində anada ətraflarda ödəm yarana bilər. Bunun qarşısını almaq üçün ana qəbul etdiyi mayenin sutkalıq miqdarına nəzarət etməlidir. Uşaqlıq boynu doğuşa hazırlaşdığı üçün qısalmağa və yumşalmağa başlayır. Tam yetişdikdə artıq uşaqlıq boynu 1 sm olur. 
 Hamiləliyin 38-ci həftəsində döl kifayət qədər böyümüş olur. Çəkisi 3-3,3 kq, boyu isə 50sm ola bilər. Ağciyərlərdə kifayət qədər surfaktant toplandığı üçün artıq sərbəst tənəffüs üçün  hazır olur. Həmçinin digər orqanlar da ana bətnindən kənarda fəaliyyət etməyə tam hazır olur. Bu həftədə doğuş baş verməzsə döldə sadəcə çəki artımı baş verir. Doğuş yaxınlaşdığı üçün dölün hərəkəti azalır. Hamiləliyin 38-ci həftəsində bəzən doğuş sancılarını xatırladan yalançı sancılar yaranır. Lakin bu sancılar qeyri stabil olur və fiziki aktivlik zamanı keçir. Əgər sancılar 10 dəqiqə ərzində keçməzsə hamilə qadın xəstəxanaya yerləşdirilməlidir. Bəzən 38-ci həftədə müəyyən ağırlaşmalar ola bilər. Bunlar uşaqlıq yolu ifrazatının xarakterinin dəyişməsi, ifrazatda qan olması, çox sululuq, az sululuq, ciftin vaxtından əvvəl qopması və s. aiddir. İstənilən halda hamilə qadın mütləq həkim nəzarətində olmalıdır.