HAMILELIK.AZ - Ginekoloq Dr. Vüsal Məmmədov

Qəbul vaxtları : Bazar ertəsi - Şənbə: 09:00 - 16:00
Əlaqə : +99451-966-13-73

Hamiləliyin 39-cu həftəsi

news-2

39-cu həftədə ana artıq doğuma hazırlaşır. Hamilə orqanizmi həm fiziki, həm də psixoloji olaraq, doğuma hazırdır. Bu həftədə döl demək olar ki, dünyaya gəlməyə hazırdı. Dölün eşitmə və görmə aparatında formalaşma gedir. Döl xarici mühitdəki səs qıcıqlarına reaksiya verməyə başlayır. Ona görə hamilələrə çox səs-küylüyerlərdən uzaq durmaq məsləhət görülür. Bununla yanaşı, dölün görmə aparatı da formalaşmış olur. Refraksiya, akkomodasiya, həcmli və bipolyar görmə və s. kimi funksiyalar formalaşmışdır. Qaraciyər və böyrəklər artıq tam yetişib. Bağırsaqda mekonum dediyimiz ilkin nəcis toplanıb, hansı ki, doğuşdan sonra xaric olur. Bəzən bu mekonum dölyanı mayeyə keçərək su ilə uşağın mədəsinə keçə bilir. Bu uşaq üçün böyük təhlükə törədə bilər. 39-cu həftədə həkimlər uşaqlığın ölçülərinə diqqət edirlər. Yəni uşaqlığın tam yetişib, yetişmədiyin ayırd edirlər. Bunun üçün xüsusi kriterilər var: Uşaqlıq boynun uzunluğu, yumşaqlığı, servikal kanal, uşaqlığın yerləşməsi. Bu göstəricilərə əsasən həkimlər doğuşun necə keçəcəyi haqqında məlumat verirlər. 39-cu həftədə uşaqlığın boynunun uzunluğu 1,5 -2 sm ola bilər. Əgər ana orqanizmi doğuşa hazırlaşırsa, bu göstərici daha 0,5-1 sm-ə qədər qısala bilər. Uşaqlıq boynu yumşaq olmalıdır. Servekal kanal bir barmaq buraxmalıdır. Doğumdan öncə qanda estrogenlərin miqdarı kəskin yüksəlmiş olur. Əgər uşaqlıq tam yetişməyibsə bu hormonal problemin olduğunu göstərir. Əsasən bu qadınlar risk qrupuna daxildir: abort və düşükləri olanlar, cinsiyyət orqanlarında əməliyyat keçirənlər, artıq çəki, qeyri-stabil menstrual tsikl, hormonlarla bağlı sonsuzluq.
39-cu həftədə uşaqlıq yolu ifrazatı şəffaf və ya sarımtıl olur. Bəzən bu ifrazatın rəngi dəyişir və spesifik qoxu yaranır. Xüsusən kandidoz, cinsi yolla keçən infeksiyalar, doğuş yollarının iltihabı zamanı olur. İstənilən halda ana ifrazatda  dəyişiklik görərsə mütləq ginekoloquna müraciət etməlidir, çünki müalicə olmadıqda doğum zamanı uşağın doğuş yollarından keçərkən yoluxma baş verə bilər. Döl artıq tam aşağı doğru yerdəyişdiyinə və kiçik çanaq girəcəyində olduğu üçün bəzi qadınlarda aralıq nahiyəsində və qarnın aşağı hissəsində ağrılar yaranır. Bu cür qadınlarda bağırsaqlarla bağlı problemlər yaranır. Bəzən ümumi bədəndə ödem, qanaxma, ciftin soyulması, infeksiya, çoxsululuq və s. kimi ciddi ağırlaşmalar da ola bilər.